Soyuq təndirlərdə çörək yapılmaz | Fəxrəddin Ziya

Çılğınlıq cahillik əlamətidir,
ağlı yetkin olan hissə qapılmaz.
Fərhadın dastanı bir əfsanədir,
külüng zərbəsiylə qaya çapılmaz.

Qəribə bir xislət var canımızda,
gücü axtarırıq ad-sanımızda.
Düşmən baş kəssə də dörd yanımızda,
bizə toxunmasa, rəqib sayılmaz.

Yaman öyrəşmişik alqı-satqıya,
əhsən bu hərraca, bu soyhasoya.
Ola, bu ağalar dayana, doya,
anlaya, ləyaqət, Vətən satılmaz!

Torpağı verdik ya satdıq, nə fərqi,
yadlara qoyduq ya atdıq, nə fərqi,
biganə qaldıq ya yatdıq, nə fərqi,
qəflət yuxusuna gedən ayılmaz.

Bu xalqın nəyi var, dağıdın, sökün,
Bakı özünüzün, yenidən tikin.
Yola, dənizə də bir çəpər çəkin,
hələ ki, sizə yox deyən tapılmaz.

Ayrılın, ayrılsın bazarınız da,
eviniz, işiniz, məzarınız da.
Ayrıdır ağrınız, azarınız da,
onsuz qanınıza bir qan qatılmaz.

Dərd ki, ovunmadı əhli-hal ilə,
keçər gün-güzəran qeylü-qal ilə.
Qayıtmaz Qarabağ bu minval ilə,
soyuq təndirlərə çörək yapılmaz.

18.03.02
Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008
 
 

0 şərh